Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
Azinformasiya.Az xəbər verir ki, müraciətdə deyilir:
“BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. Otuz il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilib. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır.
Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb. Son 4 ay ərzində 40-dək mülki şəxs işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar. Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir.
Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ANAMA-nın məlumatlarına görə minalanmış ərazilərdə bəzən 1kv.m ərazidə 10-dan yuxarı mina aşkar edilir. Belə bir həssas dönəmdə bəzi beynəlxalq qurumlar, gizli ölüm saçan mina təhlükəsini deyil, 10 noyabr 2020-ci il tarixdəki bəyanatın ardından Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insan tələfatı ilə nəticələnən təxribatlar törədən, münaqişənin həllini bilərəkdən pozmağa çalışan erməni hərbi birləşmələrinin əməllərinə haqq qazandırmağa çalışır.
Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfdən itkin düşən 3 171 hərbi vəzifəlinin, 719 mülki şəxsin acı taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılaraq viran edilmiş yaşayış məntəqələrinin, mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumurlar. Son döyüş əməliyyatları zamanı Gəncədə, Bərdədə, Tərtərdə Azərbaycanın digər şəhər və rayonlarında məskunlaşan mülki şəxslərə qarşı qadağan olunmuş kaset bombalar, kimyəvi sursatlardan istifadəyə görə işğalçı tərəfə qarşı ittihamla çıxış etmirlər. Beynəlxalq təşkilatları Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsinə səssiz qalmamağa çağırırıq”.
Müraciəti BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafis Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov ünvanlayıblar.