“Türkiyə hərbçiləri artıq Azərbaycandadırlar. Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində Ağdamda fəaliyyətə başlayır. Bölgədə atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək. Bölgədəki yoxlamalarla yanaşı, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər”.
Azinformasiya.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu qeyd edilənlər Azərbaycan üçün kifayət deyil:
“Bölgədə yerləşən türkiyəli hərbçilərin daha böyük səlahiyyətlərə malik olmasına çalışmalıyıq. Türkiyəli hərbçilərin səlahiyyətləri bölgədə yerləşən rusiyalı hərbçilərin səlahiyyətindən az olmamalıdır. Aydındır ki, bu Ermənistan hakimiyyətinin, bölgədəki erməni separatçılarının və Rusiyanın maraqlarına cavab vermir. Ancaq bu bizim maraqlandırmamalıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağ üzərində nəzarəti tam bərpa etmək və yerdə qalan separatizmin kökünü kəsməkdir. Rusiya “sülhməramlıları” Dağlıq Qarabağda yerləşdikdən sonra sualların sayı artıb. Həmin suallardan bir neçəsini sadalamaq olar:
– Rusiya hərbçilərinin erməni separatçılarının bayrağını qəbul etmələrinin anlamı nədir?
– Rusiya hərbçiləri Dağlıq Qarabağdakı silahlı erməniləri niyə tərksilah etmirlər?
– Rusiya hərbçilərinin bölgədəki sayı 1960 nəfər olduğu halda niyə hərbçilər üçün daha böyük yerləşim yerləri inşa edirlər?
– Rusiya hərbçilərinin bölgədə apardığı tikinti işləri Azərbaycan hakimiyyəti ilə razılaşdırılırmı?
– Rusiya hərbçiləri nəzarət etdikləri Laçın dəhlizində Ermənistandan Dağlıq Qarabağa daşınan müəammalı yükləri yoxlayırlarmı?”.
Elxan Şahinoğlu qeyd edib ki, zaman keçdikcə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı sualların sayı artır və bu Azərbaycan cəmiyyətində böyük narazılıq doğurur:
“Bunun qarşısının almağın yolu türkiyəli hərbçilərin bölgədə geniş statuslu fəaliyyətini təmin etməkdən ibarət olacaq.
Birincisi, Türkiyənin müdafiə naziri Hulusi Akarın da söylədiyi kimi, Türkiyə hərbçilərin Dağlıq Qarabağdakı sayı rusiyalı hərbçilərin sayı qədər, yəni ən azı 1960 nəfər olmalıdır. Əgər Rusiya 10 noyabr bəyanatının əleyhinə olaraq Azərbaycanın icazəsi olmadan bölgədəki hərbçilərin sayını gizlicə artırarsa, Türkiyə də adekvat addım atmalıdır.
İkincisi, Türkiyə hərbçiləri Ağdamdan atəşkəsin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcək. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq. Bununla paralel olaraq həmin dronlar vasitəsilə Dağlıq Qarabağdakı silahlı qrupların yeri müəyyənləşdirilməli və rusiyalı hərbçilərdən onların tərksilah olunması tələb edilməlidir.
Üçüncüsü, Dağlıq Qarabağda Türkiyə hərbçilərinin Rusiya hərbçiləri ilə birgə ortaq partul xidməti fəaliyyətə başlamalıdır. Rusiya və Türkiyənin birgə patrul xidmətiylə bağlı Suriyada təcrübəsi var. Ortaq patrul xidmətinin ən azı iki istiqamətdə fəaliyyətə başlamasının Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Birinci istiqamət Ağdam-Xankəndi-Şuşa yolu olmalıdır. Doğrudur, Fizulidən Şuşaya alternativ yol çəkilir. Ancaq Azərbaycan vətəndaşları daha qısa olan Ağdam-Xankəndi-Şuşa yolundan da rahat istifadə etməlidir. Bunun üçün həmin yolun təhlükəsizliyi təmin olunmalıdır. Bu baxımdan həmin yolda rusiyalı hərbçilərin yanında türkiyəli hərbçilərin dayanması Azərbaycan vətəndaşlarının təhlükəsizliyini gücləndirəcək. İkinci istiqamət Laçın dəhlizində ortaq patrul xidməti olmalıdır. Dəhliz tam olaraq rusiyalı hərbçilərin nəzarətində olmamalıdır. Çünki, gələn xəbərlərə görə, həmin dəhlizdən Dağlıq Qarabağa müəmmalı yüklər daşınır.
Dördüncüsü, Dağlıq Qarabağın erməni əhalisi anlamalıdır ki, onlar Azərbaycan qanunları ilə yaşamaq istəməsələr və pasportlarımızı qəbul etməsələr, qarşılarında Azərbaycan hərbçiləri ilə yanaşı türkiyəli hərbçiləri də görəcəklər. Türkiyə hərbçilərinin bölgədə varlığı separatizmi davam etdirmək istəyənlərə və onlara havadarlıq edənlərə qarşı vacib psixoliji təzyiq vasitəsi olacaq”.
Ekspert hesab edir ki, Türkiyə hərbçilərinin Rusiya hərbçiləri ilə Dağlıq Qarabağda birgə fəaliyyəti qüsursuz olmayacaq, fikir ayrılıqları yaranacaq:
“Bizə də elə bu lazımdır. Çünki, hazırki şərtlər daxilində rusiyalı hərbçiləri bildiklərini edir və ermənilər bundan razıdırlar. Bu da ona görə baş verir ki, Rusiya boşluqlardan istifadə edir. Həmin boşluqları bölgədə yerləşən Türkiyə hərbçiləri doldurduqda Rusiya və bölgədəki separatçılar bildiklərini və istədiklərini etməkdə xeyli çətinlik çəkəcəklər”.