“İkinci Qarabağ müharibəsi dövründə erməni əsir hərbçilərlə görüşdüm, onların hüquqlarını xatırlatdım, hüquqları ilə bağlı bir neçə dildə kitabçalar təqdim etdim”.
Azinformasiya.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.
O müqayisə üçün bildirib ki, Ermənistan tərəfindən azərbaycanlı əsir düşən hərbçilərin bu hüquqları təmin olunmayıb: “Bu faktlarla bağlı hesabat hazırlayıb, beynəlxalq təşkilatlara göndərmişəm. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. İtkin düşmüş şəxslərlə bağlı onların ailə üzvlərinə məlumat vermək beynəlxalq prinsiplərin tələbidir. Bura ölmüş şəxslərlə bağlı məlumatlar da daxildir.
Ermənistan indiyədək İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir. Qaldırdığımız bütün faktlar insanlıq əleyhinə çox ciddi cinayətlərdir və konkret qərarların qəbulunu tələb edir. Azərbaycan Respublikası bu gün də ədalətsiz hərbi təxribatların acı nəticələrindən əziyyət çəkir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı ötən dövr ərzində əsir və itkin düşmüş, öldürülmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat verməyə məcbur etməyə çağırıram”.