Ermənistanın Hərbi Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü, iqtisadçı Mesrop Manukyan İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin üzləşdikləri canlı qüvvə və maddi itkiləri hesablayıb.
Azinformasiya.Az-ın xəbərinə görə, o, bu zaman Avropa Şurasının qiymətləndirmə metodundan istifadə edib.
İqtisadçı bildirib ki, müharibədə 4 500 nəfər erməni hərbçi ölüb və itkin düşüb, 11 minə yaxını isə yaralanıb. Onun sözlərinə görə, yaralanan 5 min hərbçiyə 1-ci qrup əlil, 6 minə yaxınına isə 2-ci qrup əlil statusu verilib.
Ekspert vurğulayıb ki, Avropa Şurasının qiymətləndirmə metoduna əsasən, ölən və itkin düşən erməni hərbçilərinin hər birinin dəyəri 3,1 milyon avrodur.
İqtisadçının hesablamalarına görə, Ermənistanın maddi itkiləri aşağıdakı kimidir:
– “Hayastan” ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərinə 150 milyon ABŞ dolları yatırım etmişdi. Bu yatırımdan gələn multiplikativ effekt 500 milyon ABŞ dolları olacaqdı.
– Ermənistanın müdafiə sisteminə dəyən ziyan 2 milyard ABŞ dolları olub.
– Zod qızıl yatağının bir hissəsinin itirilməsinə görə dəyən ziyan 8 milyard dollar.
– Qarabağda Azərbaycanın nəzarətinə keçən hidroelektrik stansiyaların dəyəri 600 milyon, 95 min hektar kənd təsərrüfatına yararları ərazilərin dəyəri isə 3 milyard ABŞ dollarıdır. Bundan başqa, Qarabağda 15 dağ-mədən yatağı da itirilib. Bunların ümumi dəyəri 3 milyard ABŞ dollarıdır.
– Ölənlərin ailələrinə, həmçinin müharibədə yaralanıb əlil olan əsgərlərə verilən təzminat – 1,2 milyard ABŞ dollarıdır.
– Müharibə nəticəsində Ermənistanın bank sisteminə 1 milyard ABŞ dolları zərər dəyib.
– İnfrastruktur obyektlərinə dəyən ziyan 2 milyard ABŞ dolları olub.
– Hadrutdakı “Kataro” şərab zavodu və Qubadlı rayonunun Xanlıq kəndindəki tütün zavoduna görə dəyən ziyan – 100 milyon ABŞ dolları.
– Mənəvi ziyan ümumilikdə 3 milyard ABŞ dolları olub.
– Ərazi itkiləri (meşə, yer və su, yaşayış fondu) – 7 milyard ABŞ dolları.
M.Manukyan erməni tərəfinə İkinci Qarabağ müharibəsində dəyən ziyanın ümumilikdə 38,4 milyard ABŞ dolları olduğunu vurğulayıb.