Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasının gedişatında ABŞ Prezidenti Donald Tramp ilə ərəb və müsəlman liderlər arasında görüşün səmərəli keçdiyini bildirib.
Azinformasiya.az xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğan Tramp ilə ərəb və müsəlman liderlər arasında Qəzzada müharibəni dayandırmaq məqsədilə keçirilən görüşün nəticələrindən məmnun olduğunu və görüşün səmərəli keçdiyini vurğulayıb.
“Axios”un verdiyi məlumata görə isə Tramp bildirib ki, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin iştirak etdiyi görüş uğurlu keçib.
Tramp bu görüşdə müharibənin dayandırılması üçün plan təqdim edib. O, “bunu bacaracaq qrup” adlandırdığı ərəb və müsəlman ölkələrinin Qəzzaya hərbi qüvvələr göndərməyə, İsrailin bölgədən çıxışını təmin etməyə və keçid dövrü üçün yenidənqurma proqramlarının maliyələşdirməsi ilə razılaşmalarını istəyir.
Görüşlə bağlı hələlik rəsmi sənəd və ya bəyanat açıqlanmasa da, tərəflər arasında Qəzzada atəşkəsə nail olmaq üçün beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunduğu bildirilir.
Azinformasiya.az