ABŞ İrandan uranın zənginləşdirilməsini sıfıra endirməsini tələb etməyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ mediasına müsahibəsində deyib.
O, İranın nüvə proqramının dinc xarakter daşıdığını və ABŞ-la bu istiqamətdə müzakirələr aparıldığını bildirib.
XİN rəhbəri İranın nüvə proqramının yeganə həllinin diplomatiya olduğunu qeyd edib: “Nüvə obyektlərimizə kütləvi hücumlar edildi, alimlərimiz öldürüldü, ancaq nüvə proqramımızı məhv edə bilmədilər. Niyə? Çünki bu proqramı biz, bizim alimlərimiz hazırlayıb. Bu texnologiya bizə məxsusdur, onları bombalayaraq və hərbi əməliyyatlarla məhv edə bilməzlər. Yeganə həll diplomatiyadır. Buna görə də Amerika danışıqlar masasına qayıdıb və razılaşma axtarır. Biz sülhə, diplomatiyaya hazır olduğumuz kimi, özümüzü müdafiə etməyə də hazırıq”.
Əraqçi vurğulayıb ki, İranın razılaşma üçün təklif etdiyi mətn yaxın iki-üç gün ərzində hazır olacaq.
O, həmçinin amerikalıları düşmən hesab etmədiklərini əlavə edib: “Biz amerikalıları düşmən hesab etmirik. Biz Amerika hökumətinin İrana siyasətini düşmənçilik hesab edirik. Bu düşmənçilik bitdikdə, bəlkə də fərqli bir münasibət barədə düşünə bilərik”.
Azinformasiya.az