Azərbaycanda “Pediatriyanın aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-praktiki Konqresi işini yekunlaşdırıb. Azərbaycan Pediatrlar Assosiasiyası (APA) tərəfindən ənənəvi olaraq keçirilən bu konqresdə ilk dəfə 90 ölkənin pediatrik assosiasiyaları təmsil olunub.
Azinformasiya.Az xəbər verir ki, Konqresdə Avropa Pediatrlar Assosiasiyasının prezidenti, professor Ənvər Həsənoğlu (EPA-UNEPSA), Beynəlxalq PediatrlarAssosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani (İPA), Hindistan Uşaq Sağlamlıq Fondunun sədri ve IPA-nın prezidenti Naveen Tekker, Ərəb Ölkələri Pediatriya Cəmiyyətləri İttifaqının prezidenti, professor Jozef Haddad, Rusiya Pediatrlar İttifaqının prezidenti, akademik Leyla Namazova-Baranova və başqaları, eləcə də Azərbaycan tərəfindən Milli Məclisin, Səhiyyə Nazirliyinin, Tibb Universitetinin, TƏBİB-in və Azərbaycan Pediatrlar Assosiasiyasının rəhbər şəxsləri iştirak ediblər.
Üç gün davam edən konqres əsasən uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirmək, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir kompleks muayinə, elmi sübutlara əsaslanan müalicə üsulları və profilaktik tədbirlərə həsr olunub.
Tədbir hibrid üsulu ilə keçirilib 90 ölkənin pediatrik assosiasiyalarından aparıcı pediatrlar, nevroloqlar, endokrinolqlar, cərrahlar və digər sahələrdən mütəxəssislər məruzələrlə çıxış ediblər.
Konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edərək Azərbaycanda ana və uşaqların sağlamlığının hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə çoxsaylı işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, ATU-nun yüksək ixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Çıxışının sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdıran prorektor konqresin işinə uğurlar diləyib.
Konqresdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova dünyanın hər yerində uşaqlara qayğının xüsusi əhəmiyyət kəsb etdiyini, uğurla davam edən dövlət uşaq siyasətinin Azərbaycanda milli strategiyaya çevrildiyini deyib.
Ölkəmizdə uşaqlara həmişə məhəbbətlə yanaşıldığını, onların sağlam, gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şəraitin yaradıldığını vurğulayan komitə sədri, uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazasının formalaşdığını söyləyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən H.Hüseynova, onun təşəbbüsü ilə bütün uşaqlar, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.
Komitə sədri mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən də geniş söhbət açıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov uşaqların sağlam və xoşbəxt olmasına hər zaman xüsusi diqqət yetirildiyini söyləyib. Konqresdə pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən mövzulara geniş yer veriləcəyini qeyd edərək, tədbirin əhəmiyyətinə diqqət çəkib:“Elmi sessiyalarda ən son elmi məlumatlar, ən yaxşı beynəlxalq təcrübələr müzakirə olunacaq. İnanıram ki, konqres iştirakçıları öyrəndiklərini təcrübədə tətbiq edəcəklər”.
“Ölkə rəhbərliyinin bu sahəyə çox həssaslıqla və diqqətlə yanaşması nəticəsində son illər uşaqların sağlamlığının qorunması yönündə mühüm işlər görülür. Bu istiqamət milli səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət proqramları, uşaqların dispansersiasiyası, profilaktik peyvəndlənməsi, nadir xəstəliklərin müalicəsi üçün zəruri vəsaitlərin ayrılması, həmçinin ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi işinəböyük önəm verilir”, – deyə nazir müavini bildirib.
N.Zeynalov tədbir iştirakçılarına səhiyyə naziri Teymur Musayevin salamlarını çatdırıb, konqresin təşkilində əməyi keçən hər kəsətəşəkkürünü bildirib.
Plenar iclasda Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə, həmçinin Beynəlxalq Pediatrlar Assosiasiyası, Avropa Pediatrlar Assosiasiyası və digər təşkilatlardan nümayəndələr çıxış ediblər. Dünya səhiyyəsində uşaq sağlamlığı problemləri, Azərbaycanda uşaqlara tibbi xidmət, ana və uşaqların mühafizəsi istiqamətlərində əldə olunan nailiyyətlərdən danışıblar.
Məruzələrdə vurğulanıb ki, pediatriya sahəsində xidmətlərə yeni, kompleks yanaşmanın tətbiq edilməsi, eləcə də uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran mütəxəssislərin bilik və bacarıqlarının daim təkmilləşdirilməsi hər zaman olduğu kimi vacibdir.
Sonda konqresin işi yüksək qiymətləndirilib, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi qarşıya qoyulub.
Konqres işini elmi sessiyalarla davam etdirib.