Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev azad edilən ərazilərdə sərhədlərin müdafiəsi üçün görülən işlər barədə Özbəkistanı məlumatlandırıb.
Bu barədə Azinformasiya.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, E.Quliyevin dəvəti ilə Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-15 dekabr tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.
Səfər çərçivəsində Azərbaycanın DSX və Özbəkistanın DTX-nin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycanın Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
Tərəflər son müddətdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar.
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
Görüşdə sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Səfər çərçivəsində qonaqlar DSX-nin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.