Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun üzərinə həbs qoyulan pul və əmlaklarının sayı məlum olub.
Azinformasiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 may 2020-ci il tarixli qərara əsasən, təqsirləndirilən şəxsin xidməti iş otağında aşkarlanaraq götürülmüş 2 615 manatı, habelə onun evində aşkar olunaraq götürülən 10 000 manat və 180 000 ABŞ dolların üzərində qoyulan həbs saxlanılıb.
Bundan başqa, 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən, Z.Sultanovun adına bankdakı depozit qusutunda 600 000 ABŞ dolları, üzərində PAMP yazılan 4 ədəd hər biri 100 qram olan sarı rəngli metal sikkə, üzərində PAMP yazılan 2 ədəd hər biri 10 qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılan 1 ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılan 1 ədəd 585 əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 ədəd sarı rəngli metal yaxa nışanı, 1 ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılan sarı metaldan olan 1 ədəd sarı rəngli metal qol saatı, 1 ağ metal və qara rəngli dəridən ibarət olan bilərziyin üzərində həbs saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.