ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.
Azinformasiya.az xəbər verir ki, o, bu məsələyə “Sülh Şurası”nın ilk iclasında toxunub.
Tramp “32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduğunu” qeyd edib.
“Biz məsələni təxminən 24 saat ərzində həll etdik, elə deyilmi? Bunun mühüm bir hissəsini qısa zamanda razılaşdırdıq. Düşünürəm ki, onlar artıq dost olublar. Bilmirəm bunu deməyə icazəm var, ya yox, lakin məncə belədir. Düşünürəm ki, onlar dostlaşıblar, elə deyilmi? Bəli, bəli. Ayağa qalxın, ayağa qalxın. Bunlar iki möhkəm xarakterli insandır. Sizcə bu asan idi? Xeyr, heç də asan deyildi. Bunlar iki sərt, prinsipial, lakin həmçinin yaxşı insandır. Biz Oval Ofisdə idik və razılaşmaya doğru irəliləyirdik. Dedim ki, bəylər, bir az da yaxınlaşa bilərsinizmi? Lakin onlar özlərini çox narahat hiss edirdilər. Axı 32 il bir-biri ilə döyüşmüşdülər. Yenə dedim: Bir az da yaxınlaşa bilərsinizmi? Bir saatdan sonra artıq yanaşı əyləşmişdilər. Biz razılaşma əldə etdik. Onlar qucaqlaşdılar. Sənədləri imzaladılar və biz iki çox mühüm ölkə arasında sülhə nail olduq – bunu heç vaxt unutmayacağam. Onlar əvvəlcə bir qədər tərəddüd içində idilər, lakin sonda son dərəcə möhkəm mövqe nümayiş etdirdilər. Bununla fəxr edə bilərsiniz. Bu, şahid olmaq üçün çox gözəl bir mənzərə idi. Təşəkkür edirəm”, – Tramp Azərbaycan və Ermənistan liderlərini nəzərdə tutaraq bildirib.
Azinformasiya.az