“COVAX şirkətinin Azərbaycana qarşı atdığı addım təəccüb və təəssüf doğurur. Təəccüb ona görə doğurur ki, Azərbaycan ümumbəşəri bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə öndə gedən və nümunəvi dövlətlərdəndir”.
Bunu Azinformasiya.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib və bu heç də təsadüfi deyil: “Azərbaycan həm ÜST-ə maliyyə dəstəyi göstərib, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 30-dan çox dövlətə müxtəlif istiqamətlərdə dəstək nümayiş etdirib. Məqsəd həmin ölkələrin pandemiya ilə mübarizə aparmasına kömək göstərməkdir. Ona görə də Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına salınmaması qəbuledilməzdir. Halbuki ölkəmiz ötən il həmin şirkətin hesabına 21 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Onlar bu addımı belə əsaslandırırlar ki, Azərbaycan yanvarın 29-dək vaksinasiyaya başlayıb. Guya yanvarın 29-dan sonra peyvəndləmə işlərinə başlayan ölkələrə vaksin göndərirlər. Bu, tamamilə absurd yanaşmadır. Çünki Azərbaycan ÜST çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir, eləcə də bütün texniki göstərişləri də həyata keçirir”.