44 günlük II Qarabağ müharibəsində məğlubiyyətə uğrayan Ermənistanda siyasi qarşıdurma, xaos artır. “Böyük Ermənistan” xəstəliyinə tutulmuş erməni daşnakları arasında gərginlik dərinləşir”.
Bunu Azinformasiya.Az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ölkədəki xaotik durumdan istifadə edərək yenidən siyasi meydana qayıtmaqla sərsəm fikirləri, qalmaqallı müsahibəsi ilə ermənilər arasında çaşqınlıq yaratmağa çalışır:
“Armnews” telekanalına müsahibə verən Serj Sarqsyan açıq-aşkar erməni vandalizmini, törətdikləri terror aktlarını təsdiqləyib. O, 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən istifadə etdiyini söyləyib. Hətta o, Ermənistan hakimiyyətinin ölkəsinin müharibə vaxtı “İskəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərinin yalan olduğunu etiraf edib, raketlərin Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra şəhərə atıldığını söyləyib: “Məndə dəqiq məlumat var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İskəndər”dən istifadə olunub”. Sarqsyan müharibənin davam etdiyi müddət ərzində “İskəndər” OTRK-dan Azərbaycanın ərazilərinə zərbələr endirilməməsini cavab zərbələrinin ola biləcəyi ilə izah edib: “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İskəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”.
“Erməni vandalizminin bütün keyfiyyətlərini özündə cəmləşdirən sabiq prezident utanmadan Azərbaycanın ərazilərinə digər silahlardan zərbələr endirilmədiyi barədə fikirlərlə də razılaşmadığını deyib və bununla da Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox… Bu, böyük axmaqlıq idi. Daha sonra Xankəndi və Xocavənd atəşə tutuldu. Mən demirəm ki, buna qədər Stepanakert (Xankəndi) atəşə tutulmurdu. Lakin atəş iki hədəfə açılırdı: Ordu qərargahına və elektrik stansiyalarına”, – N.Həmzəyev əlavə edib.
Deputat qeyd edib ki, “İskəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayarkən də Serj Sarqsyan çirkin niyyətini, iç üzünü ortaya qoyub: “Biz “İskəndər”ləri niyə əldə etmişdik, niyə gətirmişdik? Lazım olan anda istifadə etməmək üçün? Biz müttəfiqimizin bu silahı verdiyi yeganə ölkəyik. Və onu tətbiq etməmək?.. Mən anlamıram”. Əslində təəccüblü deyil. Öz vahid coğrafiyası, dədə-baba torpağı olmayan, ona dəstək olan, qol-qanad açan qonşunun yurduna xaincəsinə göz qoyan, dinc sakinlərinə hücum edən, terror aktı törədən millətdən bundan artıq nə gözləyəsən”.