Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Muradalılı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı Səyyad Salahlı da iştirak edib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar, yalnız iqtisadi və sosial sahələrdə deyil, eyni zamanda bələdiyyə institutunun inkişafında da əhəmiyyətli dəyişikliklər yaradıb. Təşkilat sədri qeyd edib ki, xüsusilə dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsinə, nəticə etibarilə, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb. Deputat bildirib ki, bələdiyyə seçkilərində əldə ediləcək nəticələr partiyanın gücünün növbəti ifadəsi olacaq. Səyyad Salahlı seçicilərin hər birini seçkilərdə fəal iştirak edərək müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının – Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Azinformasiya.az