“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
“Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır. Elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, – o vurğulayıb.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, rayonlarda yolların vəziyyəti çox bərbadır. Onun sözlərinə görə, Bakı şəhərində də yolların işıqlandırılmasında problemlər var: “Səkilər də qaranlıq olur. Ümumilikdə, BNA-nın fəaliyyətini müsbət qiymətləndirirəm. Yaxşı işlər görülüb”.