Ceyhun Bayramov Özbəkistan xarici işlər nazirinin müavini ilə görüşüb

14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayan nazir Ceyhun Bayramov, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimizin mövcudluğunu, habelə ticarət, sənaye, kooperasiya, turizm və digər sahələrdə ikitərəfli münasibətlərdə dinamik artım müşahidə edildiyini qeyd edib.

Nazir işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində Özbəkistan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib, bu xüsusda Füzuli şəhərində məktəb tikintisinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir müavini Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanlardan bəhs edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir