Bu gün paytaxtda fəaliyyət göstərən bir sıra plazalar müştərilərini iş yerlərinə buraxmayıblar.
Bu barədə “Qafqazinfo”ya müraciət edən işçilər bildirib ki, plazalar onlardan COVID pasportunun olmasını tələb ediblər. Plaza əməkdaşları bunu Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən müştərilərdən tələb etdiklərini qeyd ediblər. Bildirək ki, sözügedən qərarda 7.5-ci bənd kirayə və lizinq fəaliyyəti ilə bağlıdır.
Maraqlıdır ki, Nazirlər Kabinetinin adıçəkilən qərarında kirayə və lizinq fəaliyyəti bəndi işçilərinin 80 faizinin sentyabrın 1-dək bir doza, oktyabrın 1-dək isə ikinci doza peyvənd edilməsi tələbi ilə bağlıdır.
Ancaq plazada müxtəlif iş və xidmət sahələri fəaliyyət göstərdiyinə görə, Nazirlər Kabinetinin məlum qərarına əsasən həmin iş və xidmət sahələrinin rəhbərləri işçilərinin peyvəndlənməsi məsələsinə özləri nəzarət etməlidir. Bu barədə hər bir iş və xidmət sahəsinin rəhbərliyinə işçilərin peyvəndlənməsiylə bağlı Dövlət Vergi Xidmətindən bildiriş-xəbərdarlıq daxil olub.
Həmin xəbərdarlıqda qeyd edilir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən 2021-ci ilin 1 sentyabr tarixindən etibarən əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq işçilərinizin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələbi sizə bildirilir.
Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
“Qafqazinfo”nun rəsmi mənbələrdən də əldə etdiyi məlumata görə, kirayə və lizinq fəaliyyəti ilə məşğul olan plazaların rəhbərləri də yalnız öz işçilərinin peyvəndlənməsi məsələsinə cavabdehdirlər. Yəni işçilərin 80 faizinin peyvənd olunması tələbi isə hər bir sahibkarlıq subyektinə fərdi olaraq tətbiq edilir. Bu məsələ plazada fəaliyyət göstərən şirkətlərin rəhbərləri tərəfindən tənzimlənməlidir. İş və xidmət sahələrinin əməkdaşlarından kiminsə peyvənd olunmamasında məsuliyyəti plaza rəhbərliyi yox, şirkət rəhbərliyi daşıyır.
Plazada fəaliyyət göstərən şirkətlərin əməkdaşları müştəri hesab olunur. Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən isə müştərilərdən COVID pasportu sadəcə ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində tələb edilir.