Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri mülki şəxslərə həyati əhəmiyyətli xilasetmə yardımı göstərmək üçün beynəlxalq səylər çərçivəsində ilk dəfə martın 25-də Qəzzaya 10 tondan artıq ərzaq ləvazimatını havadan buraxıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım konteynerlərinə su, düyü, zeytun yağı, un, konservləşdirilmiş məhsullar və körpələr üçün yeməklər və s. ibarət olan yardım daxil edilib.
“Müdafiə naziri hərbi missiya üçün təhlükənin və mülki şəxslər üçün riskin qiymətləndirilmiş şəkildə azaldılmasından sonra əməliyyata icazə verib. RAF A400M, İordaniyanın rəhbərlik etdiyi beynəlxalq yardım missiyasının bir hissəsi olaraq bu yardımı Qəzzanın şimal sahili boyunca çatdırmaq üçün İordaniyanın Əmman şəhərindən uçub. Böyük Britaniya personalı bu missiyanı planlaşdırmaq və həyata keçirmək üçün İordaniya Kral Hərbi Hava Qüvvələri ilə sıx əməkdaşlıq edib”, Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Həmçinin bildirilib ki, Böyük Britaniya daha əvvəl də hava vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılması səylərinə dəstək verib, belə ki, Qəzzanın şimalındakı Təl Əl-Həva xəstəxanasına hava yolu vasitəsilə İordaniya və Bəhreynin yardım çatdırması üçün bu ölkələri 600 paraşütlə təmin edib.
Azinformasiya.az