Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edildi

Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edildi

 

Azinformasiya.az  Leqal.info-ya istinadən xəbər verir ki, sentyabrın 19-da Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş möhtəşəm konsert təşkil olunmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və istedadlı tarzən Səxavət Məmmədovun iştirakı ilə Klaudiu Santoru adına Brazilia Milli Teatrının Simfonik Orkestri tərəfindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Həsən Rzayevin, eləcə də görkəmli braziliyalı bəstəkar Heytor Villa-Lobosun musiqisi səsləndi. Ənənəvi olaraq, konserti dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertyura açdı.

Tədbirin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz konsertin Azərbaycanda hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu, həmin tarixin dahi bəstəkar, Azərbaycan klassik musiqisi və bəstəkarlıq məktəbinin banisi, bütün Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edildiyini bildirdi. Tədbirdə Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətininçoxsaylı nümayəndələri iştirak etdi.

Paytaxt Braziliada keçirilən bu konsertdən əvvəl, sentyabrın 14-də Para ştatının paytaxtı Belem şəhərində də musiqiçilərimiz ölkənin tanınmış konsert zalı olan Teatro Da Paz teatrının səhnəsində çıxış etdilər. Qeyd edək ki, 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Belem şəhərində artıq ikinci ildir ki Azərbaycan musiqisi konserti təşkil olunur. Bundan əvvəl, 2023-cü ilin oktyabrında istedadlı gənc dirijor Abuzər Manafzadə və solistlər Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) digər maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Brazilia və Belem şəhərlərində keçirilən konsertlər tamaşaçılartərəfindən böyük maraqla qarşılandı.

Azərbaycan və Braziliya arasında inkişaf edən mədəni mübadilə çərçivəsində həmçinin ölkəmizdə braziliyalı dirijorların çıxışlarınəzərdə tutulub. Belə ki, hal-hazırda davam edən XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Teatro Da Paz Simfonik Orkestrinin baş dirijoru Migel Kampos Netonun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xorunun konserti keçiriləcəkdir. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Brazilianın Klaudiu Santoro Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Klaudiu Koenin iştirakı ilə daha bir konsert proqramının təşkili nəzərdə tutulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir