Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevin məhkəməyə verdiyi ifadəsi məlum olub.
Azinformasiya.Az-ın xəbərinə görə, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyən İ.Mirzəyev dindirilən zaman qeyd edib ki, 2010-cu ildən BDU-nun Təchizat şöbəsində çalışıb.
O söyləyib ki, həmin vaxt BDU-nun nəzdində fəaliyyət göstərən taxta sexini işlədib: “2011-ci ildən 2018-ci ilə qədər orada təsərrüfat şöbəsinin sürücüsü kimi çalışmışam. Maaşım isə 410 manatdan 620 manata qədər yüksəlmişdir. 2019-cu ilin mart ayında BDU rəhbərliyi dəyişiləndən sonra kadrlar şöbəsi məni çağırıb bildirdi ki, ərizə yazmalıyam. Dedi ki, məni rəngsazlığa keçirirlər, maaşa heç bir təsiri olmayacaq. Bu hadisədən sonra – aprel ayında maaş karta yükləndi. Kartıma 420 manat pul yükləndiyini gördüm. Bu barədə kadrlar şöbəsinə, rektorluğa dəfələrlə rəsmi müraciət etdim. Rəsmi cavabda qeyd olunmuşdu ki, maaşı yüksəltmək onların ixtiyarında deyil.
Daha sonra dəfələrlə rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevin qəbulunda oldum. Maddi durumum barədə ona dedim. Heç bir nəticə olmadı. 2021-ci il iyunun 27-də Mirzə müəllim yeni gələn işçilərdən birindən xəbər göndərdi ki, rəhbərlik ərizə yazıb işdən çıxmağımı deyib. Onun yanına getdim, ayaqüstə meyvə yeyə-yeyə mənə laqeyd yanaşdı. Həmin vaxt özümlə gətirdiyim bıçağı götürərək Mirzə Mirzəyevin üstünə getdim. O, qışqıraraq əsas korpusun komendantı Şahlar Bəgalıyevi çağırdı. Şahlar otağa daxil olana kimi Mirzə Mirzəyevin qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurdum. Həmin anda Şahlar üzərimə atıldı. Bu zaman bıçağı Mirzədən çıxardıb Şahların döş qəfəsinə bir zərbə endirdim. Sonra ara qarışdı, universiteti əlimdə bıçaqla tərk etdim. Taksiyə əyləşib Səbail rayonu ərazisinə getdim. Mağazadan su alıb içdim və daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gedərək təslim oldum, cinayəti etiraf etdim”.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Mirzə Mirzəyev deyib ki, 16 sentyabr 2019-cu il tarixindən BDU-da rektorun maliyyə məsələləri üzrə müşaviri vəsifəsində çalışır.
O bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək universitetdən 20-40 000 manat alacağı olduğunu söyləyib: “İsmixana müvafiq təsdiqedici sənədlərin mühasibatlıqdan gətirilməli olduğunu dedim. Lakin bu, qeyri-rəsmi borc idi. Yəni, BDU-nun əvvəlki rəhbərliyi Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borc idi. Bundan başqa, şəxsi sahədə gördüyü işlər üzrə də əlavə borclar var. İsmixan isə bu barədə məlumatının olmağını bildirdi. O, Abel müəllimi məhkəməyə verəcəyini və universitetin adının hallanacağı barədə əvvəlcədən məlumat verdiyini qeyd etdi. İsmixana onun şəxsi işi olduğunu, universitetə bu məsələnin aidiyyəti olmadığını, mülki qaydada öz aralarında həll olunacağını, bu barədə məlumatı isə rəhbərliyə çatdıracağmı dedim.
İsmixanla növbəti görüşümdə əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişdirildiyini və əmək haqqının aşağı düşdüyünü söylədi. Maaşının artırılmasını tələb edirdi. Bir müddət keçəndən sonra İsmixan yenidən yanıma gəldi. Dedi ki, onun işdən çıxarılması barədə ərizə yazması üçün göstəriş verilib. Bu işdən xəbərim olmadığını, rektordan da elə bir tapşırıq gəlmədiyini dedim. Bu zaman İsmixan əlində bıçaqla üstümə gəldi. Qışqıraraq Şahları çağırdım. Əvvəl məni, daha sonra Şahları bıçaqladı. Tez qaçaraq çölə çıxdım ki, təcili tibbi yardıma xəbər versinlər. İsmixan da həmin vaxt oradan qaçdı. Sonra bizi xəstəxanaya apardılar, əməliyyat olunduq”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.