Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib.
Qurumun Mətbuat Xidmətindən Azinformasiya.Az-a daxil olan məlumatda deyilir:
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir.
Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, “şəxsi istehlak miqdarında” ifadəsinin “az miqdarda” ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda “az miqdarda” narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi” kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.
Bununla əlaqədar bildirilir ki, qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət, həmin əməllərin şəxsi istehlak miqdarında törədilməsinə görə isə inzibati məsuliyyət müəyyən edilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Bununla belə, Cinayət Məcəlləsinin qüvvədə olan 234.1-ci maddəsində əksini tapmış “narkotik vasitələr” anlayışı tərkibində narkotik maddələr olan bitkiləri də əhatə etməli olduğu halda, bitkilərin “şəxsi istehlak miqdarı”nın müəyyən edilməsi mümkün olmadığından qeyd olunan əməllər həmin maddə ilə tövsif edilmir.
Bu isə təcrübədə müəyyən çətinliklərə səbəb olmaqla, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) toplama və ya digər üsullarla əldə etmə, saxlama və daşıma əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin, satış məqsədi olmadan külli miqdarda və ümumiyyətlə məqsədindən asılı olmayaraq xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə məsuliyyətin daha da ağırlaşdırılması zərurəti yaradıb.
Göstərilənlərə əsasən, vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə “şəxsi istehlak miqdarında” sözləri “az miqdarda” sözləri ilə, “şəxsi istehlak miqdarından artıq miqdar” sözləri isə “xeyli miqdar” sözləri ilə əvəz olunmuş, “külli” və “xüsusilə külli” miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.
Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib”.