Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin uçması ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Azinformasiya.Az-a daxil olan məlumatda deyilir:
“Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda Babək Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.
Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir”.
“Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur”, – məlumatda qeyd edilib.