Bu gün axşam saatlarında Bakının Nərimanov yararsız halda olan bina söküləcək. Bununla bağlı yol polisi sürücülərə xəbərdarlıq edib.
Bakı DYPİ-nin şöbə rəisi Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, paytaxtın Nərimanov rayon ərazisində A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız, yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb: “Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb.
Bu məqsədlə 26 sentyabr 2021-ci tarixində, saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətində əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.
Qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, deyilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”.