“Bakı növbəti dəfə İrəvanı qabaqlayıb”.
Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, dünən Rusiyanın Kemerovo vilayətində mədəndə baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev dünən, Xarici İşlər Nazirliyi isə bu gün Rusiyaya öz başsağlığını verib.
Bildirilir ki, İlham Əliyevin ünvanladığı başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mediası tərəfindən dərc olunub. Bununla belə, nə Ermənistanın Baş nazirinin, nə də Xarici İşlər Nazirliyinin saytında Rusiyaya ünvanlanan başsağlığına rast gəlmək mümkün olmayıb.
“Rusiya bizim üçün strateji tərəfdaşdır. İnsanlıq bir yana, rəsmi başsağlığı xüsusilə də bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda diplomatik bir addımdır. Bu kiçik bir detal kimi görünsə də, lakin belə deyil. Bakı yenə İrəvanı qabaqladı. Və Ermənistandan indi Rusiyaya başsağlığı verilsə, bu, “qazı bitmiş mineral suya” bənzəyəcək. İrəvanın bu yöndəmsiz işi nə qədər davam etdirəcəyi isə məlum deyil”, – deyə qəzet yazıb.
Qeyd edək ki, Rusiyada mədəndə baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, daha 63 nəfər xəsarət alıb.