“Azəristiliktəchizat” ASC 2019-cu ili 21,431 milyon manat zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 67,959 milyon manat mənfəətlə çıxmışdı.
Azinformasiya.Az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 31,45% artaraq 89,58 milyon manata çatıb.
Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 187,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2 dəfə artaraq 48,968 milyon manata çatıb, balans kapitalı isə 12,9% azalaraq 136,884 milyon manata düşüb.
Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.