İpoteka və Kredit Zəmanət Fondu ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edib.
Bu barədə Azinformasiya.Az-a Fonddan bildirilib.
Məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzunmüddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.
Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.
Digər dəyişikliyə görə isə ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək. Əvvəlki şərtlərə əsasən, ərizəçi ilə birgə yaşı yuxarı olan ailə üzvü müraciət etdikdə, ailə üzvünün yaşına görə kirayə müqaviləsi daha az müddətə təyin edilirdi ki, bu da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsis göstərirdi.
Bundan başqa, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s. ) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan şəxslərin – sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması üçün yeni yanaşma tətbiq olunur. Yeni yanaşmaya uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulan vergi və digər ödəmələri vaxtında həyata keçirən, lakin gəlirlərini təsdiq edə bilməyən sabit vergi ödəyicilərinin orta aylıq gəliri fəaliyyət müddətlərinə görə təyin ediləcək və minimum aylıq əmək haqqının müvafiq mislinə uyğun hesablanacaq. Bununla da həmin şəxslərin uzunmüddətli ödəmə şərtləri ilə mənzil sahibi olma imkanının ilk dəfə olaraq kirayə mexanizmi çərçivəsində reallaşdırılması mümkün olacaq.