Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq.
Azinformasiya.Az-ın xəbərinə görə, bununla bağlı “Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.