Yanvarın 9-u saat 22 radələrində Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Report”a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.