Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü olaraq yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, davamlı xarakter daşıyan vaxtından əvvəl cəzadan şərti azad etmə institutun tətbiqi intensivləşib.
“Azinformasiya.Az” xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 25-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşdə məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi bu institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.
Cari ilin ötən dövründə 2 000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir. Pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Eyni zamanda son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.
Ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2 000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3 000-ə yaxın məhkumun elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir.