Hazırda “Şahdəniz” qaz-kondensat yatağında dərində də qazma işləri aparılır.
Azinformasiya.Az-ın məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Coun Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində bildirib.
Onun sözlərinə görə, bu, çox maraqlıdır: “Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, əsl vaxtında olacaq: “Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək”.
Dövlət başçısı qeyd edib ki, praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq olub: “Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir”.