Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulanıb, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edilib, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edilib.

Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir