Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
Azinformasiya.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş edib.
Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb.
Amanul Haq ikitərəlfi münasibətlərlə bağlı xoş sözlərə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.
Azinformasiya.az