Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və İşçi Qrupun üzvü, millət vəkili Elçin Mirzəbəyli Lüksemburqa səfər edib.
Azinformasiya.az xəbər verir ki, səfər çərçivəsində bu ölkənin Deputatlar Palatasında Demokratik siyasi qrupun rəhbəri Jil Baum, Xarici və Avropa İşləri, Əməkdaşlıq, Xarici Ticarət və Böyük Region üzrə Komitəsinin sədri, Demokratik siyasi qrupun üzvü Qusti Qraas, Lüksemburqun Xarici və Avropa İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Veronik Dokendorf, Lüksemburq Deputatlar Palatasının Ətraf Mühit, İqlim və Biomüxtəliflik üzrə Komitəsinin sədri, Sosial – xristian siyasi qrupun üzvü Pol Qal, eləcə də Lüksemburqun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alen De Müzerlə görüş keçirilib, görüşlərdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində səmərəli müzakirələr aparılıb.
Görüşlərdə Azərbaycanın Belçika Krallığındakı səfiri Vaqif Sadıqov da iştirak edib.
Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova deyib ki, 33 ildir ölkələrimiz arasında qurulan diplomatik münasibətlər ikitərəfli əlaqələri inkişaf etdirmək üçün əlverişli zəmin yaradıb:
“Parlamentlərarası münasibətləri inkişaf etdirmək üçün də imkanlar genişdir. 2005-ci ildən etibarən Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Görüşlərdə Azərbaycan parlamentinin fəaliyyətinin açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulduğunu, ölkəmizdə dərin parlamentarizm ənənələrinin mövcud olduğunu diqqətə çatdırdım. Vurğuladım ki, bu gün Azərbaycan parlamentində müxtəlif siyasi partiyaların və sosial qrupların nümayəndələri təmsil olunur ki, bu da müxtəlif siyasi baxışların ifadəsinə, siyasi dialoqun inkişafına töhfə verir. Eyni zamanda Azərbaycanda siyasi sferada, o cümlədən parlamentdə qadınların aktiv iştirakçılığına da diqqət çəkdim. Müzakirələr zamanı Azərbaycanla Lüksemburq arasında parlamentlər səviyyəsində əməkdaşlıqda yeni mərhələnin başlamasının vacibliyi də qeyd olundu. Azərbaycan və Lüksemburq parlamentləri arasında əlaqələrin yaradılması təşəbbüsünü dəstəklədilər”.
Nigar Məmmədova görüşlərdə həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlara da diqqət çəkdiyini xatırladıb: “Bildirdim ki, 30 ildən sonra dayanıqlı sülh və təhlükəsizlik imkanları yaranıb. Qalib ölkə kimi ilk sülh təklifinin də müəllifi Azərbaycandır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tam yeni inkişaf mərhələsi başlayıb. Bu yeni reallıqlarla tanış olmaq üçün lüksemburqlu həmkarlarımı ölkəmizə dəvət etdim. Lüksemburq da Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır. Bu fikir keçirdiyimiz görüşlərdə xüsusi vurğulandı.
Təbii ki, biz Azərbaycan-Lüksemburq münasibətlərinə həm də Azərbaycan-Avropa İttifaqı kontekstindən yanaşırıq. Məlum olduğu kimi, hazırda Strasburq və Brüssellə birlikdə Avropa İttifaqının paytaxtlarından biri olan Lüksemburq Avropanın kəsişmə nöqtəsi kimi strateji əhəmiyyətə malikdir. Bu xüsusda Lüksemburq-Azərbaycan münasibətlərinin inkişafı rəsmi Bakı ilə Avropa İttifaqı əlaqələrinə də bilavasitə töhfə vermiş olar”.
Deputat bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər mövcuddur: “Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bu günlərdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin diqqət mərkəzində olduğunu bildirdim”.
Nigar Məmmədova qeyd edib ki, Lüksemburq nümayəndə heyəti də öz növbəsində qarşılıqlı səfərlərin perspektivinə diqqət çəkib: “Görüşdə həmçinin Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi xüsusi qeyd olundu. Bu nüfuzlu konfransda iştirak edən Lüksemburq nümayəndə heyəti də bu qənaətdədir ki, ekoloji məsələlərlə bağlı Azərbaycan təcrübəsinə böyük maraq var.
Azərbaycan həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Bu baxımdan, Azərbaycan və Lüksemburq arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar var. Təsadüfi deyil ki, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi Veronik Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı da Azərbaycanla əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb. Yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı müzakirə edilib.
Bir sözlə, hesab edirəm ki, Azərbaycan-Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır. Qarşılıqlı səfərlərin, intensiv müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram”.
Azinformasiya.az