İsrail dövlətinin 76-cı Müstəqillik Günü qeyd olunmuş və tədbir çərçivəsində Azərbaycan-İsrail Məzunları Assosiasiyasının rəsmi açılışı baş tutub.
Azinformasiya.az xəbər verir ki, tədbirə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Codelandia”nın rəhbəri Günel Cənnətova da qatılıb. Rəsmilər öz çıxışlarında ölkələrimiz arasındakı sarsılmaz əlaqələri bir daha vurğulayaraq iki xalq arasındakı dərin dostluğun və qarşılıqlı hörmətin bir təcəssümünü nümayiş etdiriblər.
Tədbirdə “Codelandia”nın rəhbəri Günel Cənnətova da çıxış edərək İsrail və Azərbaycan arasındakı münasibətlərin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu, həmçinin Corc Dik və Mikayıl Cabbarovun iki ölkə arasında əlaqələrin genişlənməsindəki böyük rolunu vurğulayıb. O, Negevdəki Ben Gurion Universitetinə “Codelandia” komandasına göstərdikləri dəstəyə görə təşəkkür etdikdən sonra nitqində Azərbaycan-İsrail Məzunları Assosiasiyasının bu iki xalq arasında körpü və əməkdaşlıq simvolu olduğunu bildirib.
‘Son olaraq bizə dəstək göstərən hər bir kəsə xüsusi təşəkkürümüzü bildir, gələcəkdə bu cür təşəbbüslərin iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə böyük fayda gətirəcəyinə inanırıq”, – deyə Günel Cənnətova qeyd edib.
Azinformasiya.az