Azərbaycan 2021-ci ildə iqtisadi azadlıq səviyyəsi üzrə dünya ölkələrinin reytinqində 178 ölkə arasında 38-ci yeri tutub.
Azinformasiya.Az ABŞ-ın “İrs Fondu” (The Heritage Foundation) tədqiqat mərkəzi və “The Wall Street Journal” qəzeti tərəfindən hər il dərc olunan dünya ölkələrinin vətəndaşlarının iqtisadi azadlıq səviyyəsinə görə 2021-ci il üçün olan reytinqinə (Index of Economic Freedom 2021) istinadən xəbər verir ki, Azərbaycanın indeksi 70,1 təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə bu göstərici 69,3 olmuş (2019-cu ildə isə 65,4) və Azərbaycan 44-cü sırada (2019 ildə 60-cı) qərarlaşmışdı.
“Azərbaycan Avropa regionunun 45 ölkəsi arasında 23-cü yerdədir, onun ümumi balı regional ortalamaya bərabərdir, lakin dünya ortalamasından yüksəkdir. Azərbaycan iqtisadiyyatı böyük iqtisadi azadlıqdan faydalanmağa davam edir. Ölkənin 2021-ci ildəki ümumi balı “əsasən azad” kateqoriyasına keçidə imkan verib. Bu statusu qorumaq üçün hökumət bu il indeksin mülkiyyət hüququ, məhkəmə sisteminin effektvliyi kimi göstəricilərində əldə etdiyi irəliləyişi davam etdirməlidir”, – “The Heritage Foundation”ın hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda güzəştli ticarət haqqında beş razılaşma qüvvədədir. Orta çəkili tarif dərəcəsi 8,5 faiz təşkil edir, qeyri-tarif maneələri isə bəzi əməliyyatların icrasını çətinləşdirir. “Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Ölkə tədricən iqtisadiyyatının daha çox şaxələndirilməsinə doğru irəliləyir. Maliyyə sektoru sabitdir, ancaq dövlət bankları üstünlük təşkil edir. Kapital bazarında heç bir məhdudlaşdırıcı tədbir tətbiq edilməyib”, – hesabat müəllifləri bildirirlər.
Şəxsi gəlir vergisinin maksimum dərəcəsi 25 faiz, ən yüksək mənfəət vergisi dərəcəsi isə 20 faizdir. Ümumi vergi yükü ümumi daxili gəlirin 13 faizini təşkil edir. Dövlət xərcləri son üç ildə ümumi daxili məhsulun (ÜDM) 34,1 fazini təşkil edib, büdcə profisiti isə orta hesabla ÜDM-in 4,2 faizi həcmində olub.
Reytinqə ardıcıl ikinci il Sinqapur başçılıq edir. Ölkə mümkün 100 baldan 89,7-ni toplayıb. İlk üçlükdə Yeni Zelandiya (83,9 bal) və Avstraliya (82,4) da yer alıb. İlk beşliyi İsveçrə və İrlandiya qapayır.
ABŞ 74,8 bal göstərici ilə reytinqdə 20-ci yeri tutub. Hesabat müəllifləri Rusiyanı 61,5 bal ilə 92-ci yerə qoyub. Çinin materik hissəsi geriləyib və reytinqə daxil edilmiş 178 ölkə arasında 107-ci (58.4 bal) olub. Reytinqi Kuba, Venesuela və Şimali Koreya tamamlayır.
“The Heritage Foundation” ilk dəfə keçən ilə qədər ardıcıl 25 il reytinqə başçılıq etmiş və yalnız ötən il liderliyi Sinqapura təhvil vermiş Çinin xüsusi inzibati zonası olan Honkonqu iqtisadi azadlıq reytinqinə daxil etməyib. “Bu il indeks yalnız hökumətlərin iqtisadi siyasətlər üzərində suveren nəzarəti həyata keçirdiyi müstəqil ölkələrdə iqtisadi azadlığı ölçüb. Beləliklə, Honkonq və Makao indeksə daxil edilməyib”, – müəlliflər məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, bu reytinq hər il mütəxəssislər tərəfindən iqtisadi və ticarət azadlıqlarının dərəcəsi, investisiya açıqlığı, dövlətin iqtisadiyyata müdaxiləsi, korrupsiya faktoru və s. nəzərə alınmaqla 10 əsas kateqoriya üzrə hesablamalar əsasında tərtib olunur. Müxtəlif səbəblərdən hesabat müəllifləri bu il üçün reytinqdə İraq, Liviya, Lixtenşteyn, Somali, Suriya və Yəmən kimi ölkələri qiymətləndirə bilməyiblər.
Ölkə reytinqləri 1995-ci ildən bəri dərc olunur. Ölkəyə verilə biləcək maksimum indeks 100 baldır ki, bu, mütləq azadlığı göstərir. Minimum indeks isə 0 baldır ki, bu da iqtisadi azadlığın heç olmadığı ölkələrə verilir. Reytinqdəki bütün ölkələr beş kateqoriyaya bölünür: “azad” (indeksi 80-100 bal arasında olan ölkələr), “əsasən azad” (70-79,9 bal), “orta dərəcəli azad” (60-69,9 bal), “əsasən qeyri-azad” (50-59,9 bal) və “qeyri-azad” (0-49,9 bal).