“Sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib”.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı Avropa İttifaqı və ÜST-nin COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün Səhiyyə Nazirliyinə tibbi ləvazimatların təhvil verilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində deyib.
H.Harmancı bildirib ki, bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur:
“Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir. ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib.
Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.
O qeyd edib ki, immun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir:
“Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir”.