AVRO-2020: Bakıdakı oyunlara buraxılacaq azarkeş sayı açıqlandı

Futbol üzrə Avropa çempionatının Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

AFFA-dan Azinformasiya.Az-a verilən məlumata görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında qərar qəbul olunub.

Qərar çıxarılarkən UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb. Azarkeşlər isə oyunlarda COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəklər. Oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.

Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlarla əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra – 11 iyun – 11 iyul 2021-ci ildə keçirilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, UEFA-nın qərarında pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcəyi göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir