İyunun 20-22-də Lüksemburq, Belçika və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçiriləcək.
Bu barədə Azinformasiya.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, səfər, ANAMA), azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış edilməsidir.
Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına ciddi təhdid və maneədir. Bu istiqamətdə görülən birgə səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq dəstəyin göstərilməsi Azərbaycanda mövcud mina probleminin humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün bərqarar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini verəcəkdir.