AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri aparıblar.
İnstitutdan Azinformasiya.Az-a verilən məlumata görə, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.
Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz və çətin keçilən yolun üzərində yerləşir: “Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan yerli əhali bura “sürüşən yer” adını verib. Tədqiqatçılar buradakı meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır.
Sürüşmə baş verən yamaca söykənən həyətyanı evin arxa tərəfində yamac vaxtılə 2 m hündürlüyündə kəsilib. Buna görə də sürüşmə çatları tədricən yuxarıya doğru yayılıb. 1,2 ha əkin sahəsi yararsız hala düşüb, həyətyanı sahə ev tikililəri ilə birlikdə sürüşmə kütləsinin altında qalıb, 4 iribuynuzlu qaramal və 4 buzov, toyuq-cücə tələf olub. Eyni zamanda, kəndin mərkəzindən keçən yol sıradan çıxıb. Hazırda burada 11 ev sürüşmə riskli ərazidə yerləşir. Onların köçürülməsi qaçılmazdır”.
Yardımlı-Cəlilabad yolunda, Telavar-Aruz sahəsində xeyli aktiv sürüşmə sahələrini təyin edən coğrafiyaçılar ərazinin landşaft-ekoloji, geoloji və geomorfoloji cəhətcə aktiv sürüşmə sahəsi kimi fərqləndiyi qeyd ediblər. Alimlər insanların həyat fəaliyyəti üçün risk yaradan sürüşmələrə qarşı ekoloji tarazlığın qorunması, meşə ekosisteminə müdaxilənin azaldılması və nəhayət, bələdiyyə ərazisində irimiqyaslı landşaft planlaşdırılmasının aparılmasının vacibliyini diqqətə çatdırıblar.