Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 23 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilib.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, təsdiq edilmiş tədbirlərə, əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulub.
Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 30 sentyabr 2020-ci il tarixinə qədər kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilib. Bununla yanaşı, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixinə qədər əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib.
Pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar tərəfindən pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlanılıb. 15 sentyabr 2020-ci il tarixinə pandemiya ilə bağlı 1,3 milyard manat məbləğində restrukturizasiya müraciəti olunub, müraciətlərin məbləğ üzrə 85%-i icra edilib. Hazırda, banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.
Koronavirus pandemiyası nәticәsindә iqtisadi aktivliyin tam bərpa edilməməsi, biznes vә ev tәsәrrüfatlarının iqtisadi aktivliyinin və gәlirlәrinin aşağı düşmәsi, ödәniş qabiliyyәtinin pislәşmәsi səbəbindən bank sektorunun maliyyә dayanıqlığına təhdidlərin davam etməsilə әlaqәdar, koronavirus pandemiyası ilə bağlı bəzi iqtisadi sahələrə məhdudlaşdırıcı tədbirlərin tətbiqinin, habelə dövlət fondları tərəfindən pandemiya ilə əlaqədar subsidiyaların ayrılması prosesinin davam etdirilməsi nəzərə alınmaqla, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 sentyabr 2020-ci il tarixinə qədər qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 yanvar 2021-ci il tarixinə qədər uzadılması məqsədəuyğun hesab edilib.
Həmçinin pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə AMB-nin banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50% aşağı salınması qərarı 1 yanvar 2021-ci il tarixinə qədər uzadılıb.
Pandemiya ilə bağlı xüsusi karantin tədbirləri şəraitinə baxmayaraq, sığorta bazarında müsbət trendlər davam edib. İlin ilk 9 ayında sığorta yığımları və ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artmış və bu vəziyyət sığorta şirkətlərinin likvidlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasını təmin edib. Sığorta sektorunun likvidlik vəziyyətinin qənaətbəxş olması İcbari Sığorta Bürosuna ödənilən təqvim haqları ilə bağlı möhlətin verilməsi güzəştinin saxlanmasını zəruri etmir. Eyni zamanda, pandemiya şəraitində sığorta təşkilatlarının makro-iqtisadi şoklara qarşı maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə sığortaçıların 2019-cu ilin maliyyə nəticələri üzrə yaranmış mənfəətin bölüşdürülməsi və müvafiq dividentlərin verilməsi ilə bağlı məhdudiyyətlərin ilin sonuna qədər uzadılması məqsədəuyğun hesab edilib.
Requlyativ güzəştlər üzrə müddətin uzadılması kredit təşkilatlarının hazırda həyata keçirdiyi restrukturizasiya prosesini dəstəkləməklə yaranmış şəraitdə əhaliyə və biznesə kredit borclarının ödənilməsilə əlaqədar təsirlərin azaldılması, iqtisadi aktivliyin dəstəklənməsi və stimullaşdırılması, həmçinin pandemiya ilə bağlı iqtisadi risklərə qarşı sığorta sektorunun kapital mövqelərinin gücləndirilməsi ilə nəticələnməsini nəzərdə tutur.