Almaniya XİN Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını absurd adlandırıb.
Azinformasiya.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bu gün keçirdiyi brifinqdə Zaxarovanın “Almaniyada nasizmə son qoyulması tam başa çatmayıb” fikrinin absurd olduğunu deyib.
Vaqner, həmçinin qeyd edib ki, bu tip bəyanatlar absurd olmaqla yanaşı, uğursuz hədə-qorxu cəhdləridir:
“Biz ilk dəfə deyil ki, belə bir fikir eşidirik. Belə hədə-qorxulara boyun əymirik. Rusiya tərəfinin bəyanatı absurddur”.
Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalı ilə bağlı çıxışı zamanı bildirib ki, Almaniya ordusunun yüksək rütbəli zabitlərinin ələ keçirilən danışıqları bu ölkədə nasizmə son qoyulması prosesinin tam yekunlaşmadığını göstərir və bunun Almaniyanın özü üçün də ağır nəticələrə gətirib çıxaracağını deyib.
Azinformasiya.az