Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZİNFORMASİYA.AZ-ın xəbərinə görə, məktubda deyilir:
“Cənab Prezident.
28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.
Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.
Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.