Aleksandar Vuçiç Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir