“Hazırda ABŞ “Cənub Qaz Dəhlizi (SGC) layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyir”.
Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ABŞ keçən həftə Prezident Ilham Əliyev, Azərbaycan Energetika naziri Pərviz Şahbazov, Avropa İttifaqı və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnundur.
Məlumatda deyilir ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kurt Donnelly və səfir Litzenberger təmsil etdilər: “Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard ABŞ dollardan az budcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.