ABŞ-la Britaniya qüvvələri husilərin 21 PUA və raketini vurub

ABŞ və Britaniya hərbi dəniz qüvvələri yanvarın 9-da husilərin Qırmızı dənizin cənubundakı beynəlxalq gəmiçilik zolağına atdığı 21 pilotsuz uçuş aparatı və raketi vurub.

 

Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

Onun sözlərinə əsasən, bu, bu günə kimi husi yaraqlılar tərəfindən bölgəyə edilən ən böyük hücumdur.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib: “Bir gecədə (Kral Donanmasının gəmisi) “HMS DIAMOND” ABŞ döyüş gəmiləri ilə birlikdə Qırmızı dənizdə İranın dəstəklədiyi husilərin bu günə qədər həyata keçirdiyi ən böyük hücumu uğurla dəf edib”.

Şapps hücumların qəbuledilməz olduğunu təkrarlayaraq, silahlı qrupa hücumların davam edəcəyi təqdirdə “nəticələrlə üzləşəcəyini” bildirib. “Biz günahsız insanların həyatını və qlobal iqtisadiyyatı qorumaq üçün lazım olan tədbirləri görəcəyik”, britaniyalı nazir deyib.

Hücumla bağlı ABŞ Mərkəzi Komandanlığı bildirib ki, heç bir xəsarət və dağıntı yoxdur. Komandanlıq bunun 19 noyabrdan bəri Qırmızı dənizdəki ticarət gəmiçilik zolaqlarına husilərin 26-cı hücumu olduğunu bildirib.
​ABŞ Mərkəzi Komandanlığı hadisə zamanı Britaniya dəniz qüvvələri ilə birgə 18 pilotsuz təyyarə, iki gəmi əleyhinə qanadlı raket və bir gəmi əleyhinə ballistik raketin vurulduğunu bildirib.

İranın dəstəklədiyi husilər isə İsrail Qəzzada qarşıdurmanı dayandırana kimi hücumları davam etdirəcəklərini bildiriblər. Husilər hədəf alınacağı halda ABŞ hərbi gəmilərinə hücum edəcəkləri barədə xəbərdarlıq ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir