Xəbər verdiyimiz kimi, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək.
Azinformasiya.Az xəbər verir ki, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbi izah edilib.
Bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlament hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib və diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.
1991-ci ilin oktyabrın 18-də “Azərbaycanın Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 May tarixli İstiqlal Bəyannaməsinin və “Azərbaycanın Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
2021-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyinin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan xalqı ötən əsrin əvvəllərində respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycanda Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunmalıdır.