“Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi”.
Azinformasiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıldakı çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olub: “Və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini – bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur”.
Prezident bildirib ki, o vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik: “Bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə – Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa, yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.