Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.
Azinformasiya.Az xəbər verir ki, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib.
Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.
Prezident İlham Əliyev məktəbin təməlini qoyub.
***
Həmçinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Prezident İlham Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.