Rusiyada qətl törətmiş şəxs 5 ildən sonra tutularaq istintaqa cəlb edilib.
Bu barədə Azinformasiya.Az-a Nərimanov rayon prokurorluğundan məlumat daxil olub.
Belə ki, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiyanın Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.
2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.
2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.
Sentyabrın 28-də Rəşad İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir.