“Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim Ermənistan Baş naziri ilə bir-birimizi görmək üçün yalnız bir imkanımız olub”.
Azinformasiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub:
“Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb.
Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib.
Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır.
Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq”.