“Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur: “Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, – hətta Ermənistan buna razılıq da verib, – aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur.
Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.